Son zamanlar ölkədaxili keçirilən müxtəlif idman yarışları idmana olan qayğı və marağın artmasından xəbər verir. Xüsusi ilə də regionlarda gürcü gəncləri ilə yanaşı azərbaycanlı gənclər də idmanın müxtəlif sahələri ilə məşğul olurlar.
Qardabani mərkəzi stadionunda yerləşən idman mərkəzindəki boks zalında 40 nəfərə yaxın azərbaycanlı gənc boksçudan ibarət qrup 2007-ci ildən fəaliyyət göstərir. Burada Azərbaycan qrupu ilə yanaşı gürcü qrupu da mövcuddur. Boks üçün istənilən ləvazimatlarla yaxşı təmin olunmuş zalda məşqlər əsasən həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 3-də başlayır. Şagirdlərin yaş həddi 12 yaşdan 18 yaş arasıdır.
16 yaşlı Sərxan Məmmədov da artıq bir ildir ki, Azərbaycan qrupunda, məşqçi Emil Qurbanovdan dərs alır. İndiyə kimi səkkiz döyüş keçirən Sərxan, beş dəfə birinci, iki dəfə üçüncü, bir dəfə isə ikinci yerin sahibi olub.
Noyabr ayının 21-də Kaxeti bölgəsinin Axmeta kəndində, Gürcüstanın milli qəhrəmanı Kakutsa Çoloğaşvili kuboku uğrunda 1992-93-cü il təvəllüdlü boksçular arasında keçirilən dörd günlük Gürcüstan birinciliyi turnirində isə Qardabani rayonunu təmsil edən Sərxan Məmmədov üçüncü yeri qazandı.
Turnirə Qardabanidən Sərxanla yanaşı Ravil Səmədov da qatılmışdı. 51 kiloqram çəki dərəcəsində döyüşən Ravil birinci döyüşdən Qoridən olan boksçuya məğlub olur. 48 kiloqram çəkidə döyüşən Sərxan isə birinci döyüşdə milliyətcə erməni olan boksçuya qalib gəlir. İkinci məğlub etdiyi boksçu isə Potidən olan idmançı olur.
«2001-ci ildən Qardabanidən hələ Gürcüstan çempionatında birinci, ikinci və yaxud da üçüncü yeri tutan olmamışdır. Sərxan üçüncü yeri qazanaraq Qardananini də Gürcüstan çempionatında qazananlar siyahısına daxil etdi» — bildirir Sərxanın məşqçisi Emil Qurbanov.
Məşqçi Emil Qurbanovun telebesinin bu nailiyyetine sevinir ve gələcəkdə dəbu göstəricilerin daha artıq olacağına ümid bəsləyir.
«Birinci döyüşü mütləq qazanmalı idim. İkinci döyüşüm Poti şəhərindən olan idmançı ilə oldu, onu da məğlub etdim. Üçüncü, Potidən olan boksçu təcrübəli idi, Gürcüstan çempionu idi, ona uduzdum. Birinci dəfə idi ki, Gürcüstan çempionatında iştirak edirdim. Yarış çox yaxşı keçdi» — deyir Sərxan Məmmədov.
Qardabani İdman Mərkəzində isə məşqlər davam edir. Əldə etdikləri nailiyyətləri daha da yaxşılaşdırmaq üçün bu gənclər əllərindən gələni edirlər.




